Goodhart qanunu: Hədəfə çevrilən risk göstəricisinin iflası

Goodhart qanunu: Hədəfə çevrilən risk göstəricisinin iflası

Risk idarəetməsində ən çox gözardı edilən amma sistemləri daxildən çürüdən fundamental bir qanun var: Goodhart qanunu. İqtisadçı Çarlz Qudhartın formalaşdırdığı bu qaydaya görə, hər hansı bir maliyyə və ya risk göstəricisi biznes üçün mütləq hədəfə çevrilirsə, o, artıq keyfiyyətli bir ölçü meyarı olmaqdan çıxır. Çünki sistemdəki insanlar real riski azaltmaq əvəzinə, həmin göstəricini vizual olaraq düzəltməyin yollarını tapırlar.

Bunu real bankçılıq keysi üzərindən analiz edək. Təsəvvür edin ki, bank rəhbərliyi problemli kreditlərin (NPL) payını 5 faizdən aşağı salmağı strateji hədəf qoyur. İlk baxışdan bu, risk profilini qorumaq üçün ideal addım görünə bilər. Lakin tam bu nöqtədə Goodhart qanunu işə düşür. Risk və biznes komandaları portfelin real keyfiyyətini artırmaq kimi çətin yoldan getmək əvəzinə, göstəricini manipulyasiya etməyə başlayırlar. Məsələn, toksik və gecikmədə olan kreditləri mütəmadi restrukturizasiya edərək kağız üzərində "sağlam" göstərirlər, yaxud da məxrəci böyütmək üçün riskli seqmentlərə sürətli kreditlər verərək ümumi portfelin həcmini süni şəkildə artırırlar. Nəticədə NPL faizi kağız üzərində 4.5 faizə düşür və hədəf icra olunur, amma bankın real risk balansı partlamağa hazır olan bombaya çevrilir.
Riyazi və analitik model mühərriklərində bu problem agent-based optimallaşdırma funksiyası ilə izah olunur. Əgər model daxilindəki əsas məqsəd funksiyası risklərin real minimallaşdırılması deyil, sadəcə X tənzimləyici göstəricisinin sabit saxlanılması üzərində qurulursa, sistemin şəffaflıq dərəcəsi eksponensial olaraq sıfıra doğru gedir:
Göstəricinin Effektivliyi = İlkin Doğruluq * e^(-(Hədəf Təzyiqi * Zaman))
Buradakı hədəf təzyiqi artdıqca, göstəricinin real vəziyyəti əks etdirmə gücü tamamilə itir. Alqoritm kor nöqtəyə düşür, çünki daxil olan data artıq real müştəri davranışını yox, hədəfə çatmaq üçün düzəldilmiş süni rəqəmləri əks etdirir.
Bu analitik tələdən yayınmaq üçün risk strukturunda üç addım mütləqdir:
Kredit portfelinin keyfiyyəti heç vaxt tək bir göstərici ilə (məsələn, təkcə NPL və ya təkcə PAR) qiymətləndirilməməlidir. Paralel olaraq erkən xəbərdarlıq siqnalları və miqrasiya matrisləri monitorinq edilməlidir.
KPI və hədəflər müəyyən olunarkən, risk limitlərinin biznes tərəfindən necə bypass edilə biləcəyi (əks-davranış stimulları) stress-test ssenarilərinə daxil edilməlidir.
Risk menecmenti rəqəmlərin arxasındakı fəlsəfəni itirməməlidir. Hesabatlarda kor-koranə faizləri qovmaq, risk şüurunu öldürür.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun