Manato.az-da kredit portfeli yarıbayarı kiçilib, gecikmələrin payı 45%-ə yaxınlaşıb

Manato.az-da kredit portfeli yarıbayarı kiçilib, gecikmələrin payı 45%-ə yaxınlaşıb

Azərbaycanda fəaliyyət göstərən “Manato.az” (SF Azerbaijan BOKT) 2025-ci ili əvvəlki illərlə müqayisədə daha zəif maliyyə nəticələri ilə başa vurub. Şirkətin xalis mənfəəti 58% azalaraq 37,7 milyon manatdan 15,8 milyon manata düşüb.
Mənfəətin azalmasında əsas rol inzibati xərclərin kəskin artması və problemli kreditlərlə bağlı zərərlərin yüksəlməsi olub. İl ərzində inzibati xərclər 148% artaraq 45 milyon manata çatıb. Borc satışından yaranan zərər isə 44,8 milyon manat təşkil edib.
Şirkətin faiz gəlirləri artaraq 99,5 milyon manata yüksəlsə də, ümumi xərclərin daha sürətli böyüməsi maliyyə nəticələrinə mənfi təsir göstərib.
Diqqət çəkən digər məqam kredit portfelindəki dəyişiklikdir. Xalis kredit portfeli il ərzində 50,6% azalaraq 28,6 milyon manata düşüb. Bununla yanaşı, kredit keyfiyyəti göstəriciləri də diqqət çəkir.
2025-ci ilin sonuna vaxtı keçmiş kreditlərin həcmi 18,8 milyon manat olub. Bu isə ümumi kredit portfelinin təxminən 45%-nə bərabərdir. Başqa sözlə, portfeldəki hər iki kreditdən biri gecikmə statusundadır.
90 gündən artıq gecikmədə olan kreditlərin payı da artaraq 21,4%-ə yüksəlib. İl ərzində şirkət 8,9 milyon manat həcmində kredit silinməsi həyata keçirib.
Digər tərəfdən, şirkətin borc yükü əhəmiyyətli dərəcədə azalıb. Cəmi öhdəliklər 81% azalaraq 8,7 milyon manata düşüb, kapital isə 39,8 milyon manata yüksəlib. Hesabat dövründə səhmdarlara 11,6 milyon manat dividend ödənilib.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun