Qızıl onilliklərin ən pis həftəsini yaşadı: İran müharibəsi buna necə təsir edir?
Qızıl, adətən “təhlükəsiz liman” sayılan investisiya aləti kimi tanınsa da, İran müharibəsi fonunda yaranan qeyri-müəyyənlik səbəbilə 1983-cü ildən bəri ən pis həftəsini yaşadı.
Müharibənin təsiri artıq enerji bazarında hiss olunur. Neft və qaz qiymətləri sürətlə artaraq bir barel üçün 100 dollar səviyyəsini keçib. Cümə günü Brent markalı neftin qiyməti 112 dollara çatıb.
Bu həftə isə qızılın qiyməti 11% düşərək cümə günü günortadan sonra bir unsiya üçün təxminən 4497 dollara qədər gerilədi. Həftənin əvvəlində isə bu rəqəm 5023,53 dollar idi. Çərşənbə günü ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini dəyişməz saxlayacağını açıqladıqdan sonra eniş daha da sürətləndi.
İran müharibəsi fevralın 28-də ABŞ və İsrailin birgə hava zərbələri ilə başladıqdan sonra qızıl artıq hər həftə dəyər itirir.
Bloomberg-in məlumatına görə, son üç həftədə qızıla bağlı ETF fondlarında saxlanılan ehtiyatlar 60 tondan çox azalıb. Bu isə ilin əvvəlində qızılın rekord səviyyələrə yüksəlməsi və hətta 5000 dolları keçməsi ilə tam ziddiyyət təşkil edir.
Maliyyə bazarlarında iştirak edənlər düşünür ki, neft qiymətlərinin artması inflyasiyanı gücləndirəcək və bu səbəbdən mərkəzi banklar faizləri artırmağa məcbur olacaq. Bu isə qızıl üçün mənfi amildir, çünki qızıl faiz gətirmir.
BullionVault-un araşdırma direktoru Adrian Ash bildirib ki, qızıl və gümüş hazırda bazardakı ümumi panikanın təsiri altındadır və investorlar risklərini azaltmaq üçün aktivlərini satırlar.
Onun sözlərinə görə, mart ayında qızılın ucuzlaşmasına üç əsas amil təsir edib: marja çağırışları, risk göstəricilərinin artması və ABŞ-da faiz siyasəti ilə bağlı gözləntilərin dəyişməsi.
Kitco News üçün yazan analitiklər Gary Wagner və Joseph Wagner isə qeyd ediblər ki, vəziyyət müəyyən mənada paradoksaldır. Yaxın Şərqdə münaqişə olsa da, neft şoku inflyasiyanı artırır, bu da faizlərin uzun müddət yüksək qalmasına səbəb olur və nəticədə qızıl bundan zərər görür.
State Street Investment Management şirkətindən Aakash Doshi əlavə edib ki, ABŞ dollarının möhkəmlənməsi, investorların qazanc götürməsi və bəzi iştirakçıların likvidlik üçün qızıl satması da qiymətlərin düşməsinə təsir edib.
Ekspertlər bildirir ki, qızıl ilə ABŞ dolları adətən tərs istiqamətdə hərəkət edir. Dollar gücləndikcə qızıl xarici investorlar üçün daha bahalı olur və tələbat azalır.
StoneX Financial analitiki Rhona O’Connell-in sözlərinə görə, keçən ay qızılın 5200 dollardan yuxarı qalxması bazara çoxlu alıcı cəlb etdi və bu da sonradan kəskin korreksiya üçün zəmin yaratdı. Qiymətlər düşəndə isə stop-loss əmrləri işə düşdü və satış daha da sürətləndi.
Adrian Day Asset Management şirkətinin rəhbəri Adrian Day isə hesab edir ki, hazırkı mənfi tendensiya müvəqqətidir. Onun fikrincə, ABŞ iqtisadiyyatı resessiyaya doğru gedir və bu da Federal Ehtiyat Sistemini yenidən yumşaq pul siyasətinə qayıtmağa məcbur edəcək.
Day bildirir ki, bu, faizlərin ciddi şəkildə azaldılması yox, daha çox yeni pul emissiyası ola bilər, amma hər iki halda qızıl üçün müsbət təsir yaradacaq.
Şərhlər (0)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın!
Şərh yazmaq üçün daxil olun