Lindy Effekti (Lindy's Law) və Maliyyə Modellərinin Ömrü.

Lindy Effekti (Lindy's Law) və Maliyyə Modellərinin Ömrü.

Təzə əkilən ting ilk fırtınada qopduğu halda, yüzillik çinar küləyin sadəcə adını dəyişir.

Bu gün maliyyə texnologiyaları, risk menecmenti və skorinq modelləşdirilməsi sahəsində ən çox düşdüyümüz "yenilik mifi" tələsini darmadağın edən bir prinsiplə tanış olacağıq: Lindy Effekti (Lindy's Law) və Maliyyə Modellərinin Ömrü.

Lindy qanununa görə, xarab olmayan və fiziki aşınmaya məruz qalmayan bəzi sistemlərin, ideyaların və ya texnologiyaların gələcək ömür gözləntisi, onların artıq mövcud olduğu zamanla düz mütənasibdir. Yəni, bir texnologiya nə qədər uzun müddətdir yaşayırsa, gələcəkdə də bir o qədər uzun ömürlü olacaq. Biz risk idarəetməsində həmişə "ən yeni süni intellekt modelini", "ən son mürəkkəb alqoritmi" mükəmməl zənn edirik. Lakin cəmi 6 aydır tətbiq edilən mürəkkəb bir maşın öyrənməsi (ML) modeli növbəti qəfil böhranda tamamilə korlana bildiyi halda, onilliklərlə sınaqdan çıxmış sadə pərakəndə anderraytinq prinsipləri (məsələn, müştərinin real pul axını və xarakter analizi) yeni dövrdə də işləməyə davam edir. Yeni olan həmişə köhnədən dayanıqlı deyil.
Bunu pərakəndə risk analitikası və kredit skorinqi üzərindən real bir ssenari ilə canlandıraq.
Bankın risk komandası ən son trendlərə uyğun olaraq müştərinin rəqəmsal izlərinə, sosial media davranışlarına və qeyri-ənənəvi datalara əsaslanan tam avtomatlaşdırılmış, çox mürəkkəb bir süni intellekt skorinq modeli qurur. Model sabit, likvid dövrdə möhtəşəm nəticələr göstərir. Lakin makroiqtisadiyyatda anlıq bir dalğalanma və ya tənzimləyici tərəfindən sərt faiz artımı baş verən kimi, modelin əsaslandığı daxili korrelyasiyalar darmadağın olur. Sistem "Overfitting" (gözlənilmez dataya uyğunlaşa bilməmə) böhranına girir və defoltlar kəskin artır. Tam bu anda risk menecerləri məcbur olub 30 ildir dəyişməyən ən klassik daxili reytinq və borc-gəlir nisbəti (DTI) filtrlərinə geri qayıdırlar. Çünki köhnə metod artıq neçə-neçə böhranın fırtınasından "sağ çıxaraq" öz Lindy ömrünü sübut edib.
Riyazi və statistik olaraq Lindy Effektini şərti sağ qalma ehtimalı (Conditional Survival Probability) və Pareto paylanması ilə belə ifadə edə bilərik:
P(T > t + Δt | T > t) = [t / (t + Δt)]^α
Burada α (alfa) sistemin dayanıqlıq dərəcəsidir. Bu tənlik bizə göstərir ki, modelin yaşama tarixi (t) artdıqca, onun gələcək fırtınalara qarşı dözümlülük ehtimalı riyazi olaraq yüksəlir. Yeni modellərin keçmiş "tarixi" olmadığı üçün onların fəlakət anındakı davranışı tamamilə qeyri-müəyyəndir və risk xərci həddindən artıq yüksəkdir.
Maliyyə arxitekturasında Lindy Effektinin gücündən yararlanmaq üçün risk mədəniyyətində bu 3 süzgəc mütləq qurulmalıdır:
Modellərin Hibrid İnteqrasiyası: Ən müasir süni intellekt və skorinq mühərrikləri tam sərbəst buraxılmamalı, onların altına Lindy qanununa tabe olan klassik, sərt anderraytinq limitləri və risk filtrləri "təhlükəsizlik kəməri" kimi yerləşdirilməlidir.
Böhran Tarixçəsi ilə Stress-Test: Yeni qurulan hər bir rəqəmsal model yalnız cari datayla deyil, Lindy ömrünə sahib olan köhnə tarixi böhran ssenariləri ilə (məsələn, keçmiş devalvasiya və ya kəskin likvidlik daralması dövrləri ilə) stress-test edilməlidir.
Sadəliyin Gücü (Occam's Razor): Sistemə əlavə edilən hər mürəkkəb dəyişən modelin ömrünü uzatmır, əksinə, proqnoz xətasını böyüdür. Qərar mexanizmində hər zaman zamanın sınağından keçmiş ən sadə və fundamental rəqəmlərə üstünlük verilməlidir.

Şərhlər (0)

Hələ şərh yoxdur. İlk şərhi siz yazın!

Şərh yazmaq üçün daxil olun